Tuesday, May 29, 2007



گونئيده قوزئيين بايراغيني قالديرماق دوغرودور مو؟

گونتاي جاوانشير

1- جی بؤلوم

Güneydə Quzeyin bayrağını qaldırmaq doğrudur mu?

I bölüm
ايسته ر داخيلي، ايسته رسه خاريجي شرطلرين گليشمه سي و ده ييشمه سي ايله گونئي آزربايجان'داکي ميللي حرکت سيياسي ائوره سينه (مرحله سینه) يوکسلمه ايستيقامتينده دير. رئاليستيک بير پوليتيکا ايزله مه يه ن هر هانسي بير حرکت نه داخيلده، نه ده خاريجده اؤزونه موتتفيق تاپار. اولوسلارآراسي ايليشکيلر خياللار و ايدئآللار اساسيندا قورولمور، گئرچه کليکلر اساسيندا قورولور. بوتؤو آزربايجان مساله سي اولوسلارآراسي نين گئرچه يي دئييلدير. گونئي آزربايجان'داکي ميللي موباريزه نين ده گئرچه کلييي دئييلدير. بوتؤو آزربايجان اوچون قوزئي آزربايجان'ين نه ايقتيصادي ايمکانلاري، نه سوسيال پيسيکولوژيک دورومو، نه ده دئموکراتيک قاپاسيته سي بونا حاضيردير. آلمانييا'ني خاطيرلاياليم: غربي آلمانييا'داکي ايقتيصادي اينکيشاف شرقي آلمانييا'ني ايچينه آليب هضم ائتدي. قوزئي آزربايجان'دا بئله بير ايمکان وار مي؟ او زامان شوعارلار يئرينه آلمانلار کيمي بيرلييين آلت ياپيسيني عقلي پيلاندا اولوشدورماق لازيم، خيال دونياسيندا دئييل.

ديپلوماسيده نه لري دانيشيب، نه لري داها سونرا دانيشاجاغيميزي بيلمه ليیيک. ديپلوماتيک ساواشين سيلاحلي موجاديله دن داها چتين اولدوغونو بيلمه ليیيک. بو گون گونئي آزربايجان'ين دا تاريخي ايستاتوسو بوتؤو آزربايجان اوغرونا موباريزه آپاراجاق ياپيدا و ايمکاندا دئييلدير. او زامان بو او دئمکدير کي، بوتؤو آزربايجان سيياسي بير سورون دئييل، مدني بير سوروندور. اوزون وعده ده مدني پيلانداکي چاليشمالار بوتؤو آزربايجان مساله سيني سيياسي اولقويا چئويره بيله ر. هر بير سيياسي داورانيشين آرخاسيندا ايقتيصادي ايمکان، سوسيو-پيسيکولوژيک دسته ک و اولوسلارآراسي اورتامين اورتاق گؤروشو دورسا گره ک. بوتون بو وئريلردن يولا چيخاراق بوتؤو آزربايجان ايدئياسينين نه قوزئيده، نه ده گونئيده سيياسي بير سورون اولماديغي گؤرونمکده دير. بوتؤو آزربايجان مساله سيني سيياسي سورون اولاراق گؤره نلر اولوسلارآراسي رأيين، داخيلي شرطلرين نه آنلاما گلديييني بيلمه يه ن ماجراچيلاردير. البتته کي، هر بير حرکتده ماجراچيلار دا اولار، آنجاق ماجرا بيريکميش ميللي ائنئرژيني بوشونا خرجله مکدن باشقا بير شئيه خيدمت ائتمه ز. غرب دؤولتلرينين آناياسالارينداکي ائتنيک حاق آنلاييشي و BMT- نين مرامنامه سينده کي "ميللي حاق" مفهومو گونئي آزربايجان'داکي ميللي اويانيشا اؤزو-اؤزلويونده دسته ک وئرمکده دير. بو سببدن ده گونئي آزربايجان ميللي مساله سينين اولوسلارآراسي ايليشکيلره داشينماسي بير او قده ر ده چتينليکلرله راستلانماياجاق، يئته ر کي، گونئي آزربايجان'ين سيياسي شخصييتلري اولوسلارآراسي موناسيبتلر حاققيندا بيلگي الده ائده بيليب و خياللارا گؤره دئييل، رئاليته لره گؤره داورانسينلار.

قوزئي آزربايجان'ین بايراغي BMT-ده و دونيادا باشقا بير اؤلکه نين وارليغيني تمثيل ائتمکده دير. 8 ميليون قوزئي آزربايجان اينساني عومومييتله بو بيرله شمه يه حاضير مي؟ قوزئي آزربايجان'ين پرئزيدئنتي بونا نه دئيير؟ قوزئي آزربايجان'ين BMT-ده کي تمثيلچيسي بوتون دونيايا ائعلان ائتمه دي مي کي، ايران'دا هر شئي، او جومله دن اينسان حاقلاري دا يئرلي- يئرينده دير؟ او زامان واختي يئتيشمه ميش بير ايدئياني حياتا کئچيرمک چاباسي ساده جه بوشونا بير امک دئييل، هم ده او ايدئيانين هئچ بير زامان حياتا کئچمَه يه جَه يينه شرايیط یاراتماقدیر. آيريجا ايران کيمي قددار بير موحيطده يئني يئتمه لريميزين، گنجلريميزين بوشونا اؤلومونه، جاسوسلوق آدي ايله ازيلمه لرينه و بلکه ده موقاويمتلرينين قيريليب عومومييتله بو يولدان چکيلمه لرينه سبب اولا بيله ر.

يعني مسئولييت داشيييريقسا، گئرچه کلري درک ائديريکسه او زامان "قوزئي آزربايجان'ين بايراغيني گونئيده قالديرين!" دئيه تلقينده و تبليغاتدا بولونماماليييق. هر هانسي بير حرکتده بايراق مساله سي هئچ بير زامان سورون اولماميشدير. سورون اولان دوشونجه مساله سيدير. دوشونجه لر يئتيشديکدن و دونيا شرطلري حاضير اولدوقدان سونرا بايراق بيرجه هفته يه ده حاضيرلانا بيله ر. نئجه کی قوزئی آزربایجان'دا دا او شکیلده اولدو. روس ایمپراتورلوغو داغیلار-داغیلماز بایراق دا اورتایا چیخدی. ندن؟ چونکو قوزئیین آیدینلاری داها اؤنجه نیسبی حاضیرلیق آپارمیشدیلار. اکسيک اولان اونسور بايراق دئييل بيزيم داوادا. اکسيک اولان شئي ميللي دوشونجه ني توپلومون بوتون طبقه لرينين درينلييينه داشيماقدير. هله تجروبه قازانماق يولوندا اولان گونئي آزربايجان ميللي حرکتيني مسئولييتسيزليييميزين ديشيندا "قوزئيين بايراغيني اوردا- بوردا قالديرين"- دئمه ميزله ميللتين عاقيبتيني نئجه بير تهلوکه يه سوروکله مه ميزي آنلاماليييق.

گونئي آزربايجان'دا "آزربايجان بير اولسون، مرکزي تبريز اولسون" - دئيه ن اينسانلار دا آزربايجان'ين بولوندوغو دورومو آنلامادان، يالنيز حيسسيياتا قاپيلميش اينسانلاردير. حيسسييات زييان وئرمه دييي موددتجه گؤزه لدير، لاکين سيياسي موباريزه ده ضرر وئرير. چونکو مرکزين تبريز اولماسي ايله باغلي موباريزه حاقدا هم قوزئيده، هم ده گونئيده ائکونوميده، دئموکراسيده، اولوسلارآراسي موناسيبتلرده چوخ ايشلر گؤرمک لازيم. بئله بير سوال سوراليم: بيز شوعارلار اوغرونا گنجلريميزي فدا ائتمه ليیيک، يوخسا موشخخص بير هدف اوغرونا بيلينجله نديرمه لي و ايستيقامتله نديرمه ليیيک؟ چونکو بوگون گونئي آزربايجان اوغرونا موباريزه سيياسي بير حرکت ايکن، بوتؤو آزربايجان اوغرونا وئريله ن شوعارلار گونوموز آچيسيندان ماجرادان باشقا بير شئي دئييلدير.

مرکز تبريز اولان بوتؤو آزربايجان مساله سي اورتا دوغونون و دونيانين سيياسي و ايقتيصادي موناسيبتلريني ده ييشديره جکدير. بونا ايسه آزربايجان قايناقلي چوخ گوج لازيمدير کي، بوگون بيز دئمک اولار کي، اوندان تامامي ايله محروموق. بو کيمي شوعارلار آزربايجان'ين غربده کي دسته يينه سون وئره بيله ر. ندن؟ چونکو بوتؤو آزربايجان مساله سي ائله مؤوضوعدور کي، بؤيوک دؤولتلرين ده چيخارلاري ايله حئسابلاشماق لازيم اولاجاق. ساده جه بيزيم حاضيرليغيميز يئته رلي دئييل، اولوسلارآراسي موحيط ده حاضير اولماليدير. اؤز آنا ديلينده بير جومله ني دوغرو-دوروست يازا بيلمه يَه ن بير خالقين بو قده ر بؤيوک بير مساله ني اولوسلارآراسينا آنلادا بيله جه يي اينانيلير اولاراق گؤرونمور. او زامان اؤنجه اؤز آنا ديلينده يازيب اوخوماغي اؤيره نسين، دوشونجه لريني تورکله شديرسين، نه ايسته ديييني اؤنجه ائنينه-بويونا آنلاسين، سونرا بوتؤولوکدن دانيشسين. بوگون باکي'دا بئله، بوتؤو آزربايجان ايدئالينا اينانان اينسانلار زيندانلاردا ايکه ن، يا دا يوخسوللوق ايچينده قيوريليب دورماقدا ايکه ن، بئله بير مؤوضوعنو سيياسي گونده م اولاراق سانماق جهالتدن باشقا بير شئي دئييلدير. گونئي آزربايجان'داکي ميللي-اينقيلابي ائنئرژيني بو کيمي آوانتورالار بوشلوغا دوشورمکدن باشقا هئچ بير شئيه خيدمت ائتمه یه جه ییک.

بوگونکو ايمکان و گئرچه کلييي نظره آلاراق "گونئي آزربايجان مرکزلي پوليتيکا" اوزَه رينه تئوريک، ايدئولوژيک سرمايه ياتيرماق لازيم. شوعارلار دا بونا گؤره ترتيب ائديلمه ليدير. بیر فیرانسیز آتا سؤزونده دئییلدییی کیمی "اونجه گول.له نی آتیب سونرا هدفه توشلامامالییق، اؤنجه هدفه توشلاییب سونرا گول.له نی آتمالییق"

26.05.2007



Güntay Cavanşir

Güneydə Quzeyin bayrağını qaldırmaq doğrudur mu?

I bölüm

İstər daxili, istərsə xarici şərtlərin gəlişməsi və dəyişməsi ilə Güney Azərbaycandakı milli hərəkət siyasi evrəsinə yüksəlmə istiqamətindədir. Realistik bir politika izləməyən hər hansı bir hərəkət nə daxildə, nə də xaricdə özünə müttəfiq tapar. Uluslararası ilişkilər xəyallar və ideallar əsasında qurulmur, gerçəkliklər əsasında qurulur. Bütöv Azərbaycan məsələsi uluslararasının gerçəyi deyildir. Güney Azərbaycandakı milli mübarizənin də gerçəkliyi deyildir. Bütöv Azərbaycan üçün Quzey Azərbaycanın nə iqtisadi imkanları, nə sosial psikolojik durumu, nə də demokratik qapasitəsi buna hazırdır. Almaniyanı xatırlayalım: Qərbi Almaniyadakı iqtisadi inkişaf Şərqi Almaniyanı içinə alıb həzm etdi. Quzey Azərbaycanda belə bir imkan var mı? O zaman şüarlar yerinə almanlar kimi birliyin altyapısını əqli planda oluşdurmaq lazım, xəyal dünyasında deyil.

Diplomasidə nələri danışıb, nələri daha sonra danışacağımızı bilməliyik. Diplomatik savaşın silahlı mücadilədən daha çətin olduğunu bilməliyik. Bu gün Güney Azərbaycanın da tarixi statusu Bütöv Azərbaycan uğruna mübarizə aparacaq yapıda və imkanda deyildir. O zaman bu o deməkdir ki, Bütöv Azərbaycan siyasi bir sorun deyil, mədəni bir sorundur. Uzun vədədə mədəni plandakı çalışmalar Bütöv Azərbaycan məsələsini siyasi olquya çevirə bilər. Hər bir siyasi davranışın arxasında iqtisadi imkan, sosio-psikolojik dəstək və uluslararası ortamın ortaq görüşü dursa gərək.

Bütün bu verilərdən yola çıxaraq Bütöv Azərbaycan ideyasının nə Quzeydə, nə də Güneydə siyasi bir sorun olmadığı görünməkdədir. Bütöv Azərbaycan məsələsini siyasi sorun olaraq görənlər uluslararası rəyin, daxili şərtlərin nə anlama gəldiyini bilməyən macəraçılardır. Əlbəttə ki, hər bir hərəkətdə macəraçılar da olar, ancaq macəra birikmiş milli enerjini boşuna xərcləməkdən başqa bir şeyə xidmət etməz. Qərb dövlətlərinin anayasalarındakı etnik haqq anlayışı və BMT-nin məramnaməsindəki “milli haqq” məfhumu Güney Azərbaycandakı milli oyanışa özü-özlüyündə dəstək verməkdədir. Bu səbəbdən də Güney Azərbaycan milli məsələsinin uluslararası ilişkilərə daşınması bir o qədər də çətinliklərlə rastlanmayacaq, yetər ki, Güney Azərbaycanın siyasi şəxsiyətləri uluslararası münasibətlər haqqında bilgi əldə edə bilib və xəyallara görə deyil, realitələrə görə davransınlar.

Quzey Azərbaycanın bayrağı BMT-də və dünyada başqa bir ölkənin varlığını təmsil etməkdədir. 8 milyon Quzey Azərbaycan insanı ümumiyətlə bu birləşməyə hazır mı? Quzey Azərbaycanın prezidenti buna nə deyir? Quzey Azərbaycanın BMT-dəki təmsilçisi bütün dünyaya elan etmədi mi ki, İranda hər şey, o cümlədən insan haqları da yerli-yerindədir? O zaman vaxtı yetişməmiş bir ideyanı həyata keçirmək çabası sadəcə boşuna bir əmək deyil, həm də o ideyanın heç bir zaman həyata keçməyəcəyinə şərait yaratmaqdır. Ayrıca İran kimi qəddar bir mühitdə yeniyetmələrimizin, gənclərimizin boşuna ölümünə, casusluq adı ilə əzilmələrinə və, bəlkə də, müqavimətlərinin qırılıb ümumiyətlə bu yoldan çəkilmələrinə səbəb ola bilər. Yəni məsuliyət daşıyırıqsa, gerçəkləri dərk ediriksə o zaman “Quzey Azərbaycanın bayrağını Güneydə qaldırın!” deyə təlqində və təbliğatda bulunmamalıyıq. Hər hansı bir hərəkətdə bayraq məsələsi heç bir zaman sorun olmamışdır. Sorun olan düşüncə məsələsidir. Düşüncələr yetişdikdən və dünya şərtləri hazır olduqdan sonra bayraq bircə həftəyə də hazırlana bilər. Necə ki, Quzey Azərbaycanda da o şəkildə oldu. Rus imperatorluğu dağılar-dağılmaz bayraq da ortaya çıxdı. Nədən? Çünkü Quzeyin aydınları daha öncə nisbi hazırlıq aparmışdılar. Əksik olan ünsür bayraq deyil bizim davada. Əksik olan şey milli düşüncəni toplumun bütün təbəqələrinin dərinliyinə daşımaqdır. Hələ təcrübə qazanmaq yolunda olan Güney Azərbaycan Milli Hərəkətini məsuliyətsizliyimizin dışında “Quzeyin bayrağını orda-burda qaldırın”- deməmizlə millətin aqibətini necə bir təhlükəyə sürükləməmizi anlamalıyıq.

Güney Azərbaycanda “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun”- deyən insanlar da Azərbaycanın bulunduğu durumu anlamadan, yalnız hissiyata qapılmış insanlardır. Hissiyat ziyan vermədiyi müddətcə gözəldir, lakin siyasi mübarizədə zərər verir. Çünkü mərkəzin Təbriz olması ilə bağlı mübarizə haqda həm Quzeydə, həm də Güneydə ekonomidə, demokrasidə, uluslararası münasibətlərdə çox işlər görmək lazım. Belə bir sual soralım: Biz şüarlar uğruna gənclərimizi fəda etməliyik, yoxsa konkret bir hədəf uğruna bilincləndirməli və istiqamətləndirməliyik? Çünkü bu gün Güney Azərbaycan uğruna mübarizə siyasi bir hərəkət ikən, Bütöv Azərbaycan uğruna verilən şüarlar günümüz açısından macəradan başqa bir şey deyildir.

Mərkəz Təbriz olan Bütöv Azərbaycan məsələsi Orta Doğunun və dünyanın siyasi və iqtisadı münasibətlərini dəyişdirəcəkdir. Buna isə Azərbaycan qaynaqlı çox güc lazımdır ki, bu gün biz demək olar ki, ondan tamamı ilə məhrumuq. Bu kimi şüarlar Azərbaycanın Qərbdəki dəstəyinə son verə bilər. Nədən? Çünkü Bütöv Azərbaycan məsələsi elə mövzudur ki, böyük dövlətlərin də çıxarları ilə hesablaşmaq lazım olacaq. Sadəcə bizim hazırlığımız yetərli deyil, uluslararası mühit də hazır olmalıdır. Öz ana dilində bir cümləni doğru-dürüst yaza bilməyən bir xalqın bu qədər böyük bir məsələni uluslararasına anlada biləcəyi inanılır olaraq görünmür. O zaman öncə öz ana dilində yazıb oxumağı öyrənsin, düşüncələrini türkləşdirsin, nə istədiyini öncə eninə-boyuna anlasın, sonra bütövlükdən danışsın. Bu gün Bakıda belə, Bütöv Azərbaycan idealına inanan insanlar zindanlarda ikən, ya da yoxsulluq içində qıvrılıb durmaqda ikən, belə bir mövzunu siyasi gündəm olaraq sanmaq cəhalətdən başqa bir şey deyildir. Güney Azərbaycandakı milli-inqilabi enerjini bu kimi avanturalar boşluğa düşürməkdən başqa heç bir şeyə xidmət etməz.

Bu günkü imkan və gerçəkliyi nəzərə alaraq “Güney Azərbaycan Mərkəzli Politik Davranış” üzərinə teorik, ideolojik sərmayə yatırmaq lazım. Şüarlar da buna görə tərtib edilməlidir. Bir Fransız ata sözündə deyildiyi kimi “Öncə gülləni atıb sonra hədəfə tuşlamamalıyıq, öncə tuşlayıb sonra gülləni atmalıyıq.”
26.05.2007

0 Comments:

Post a Comment

<< Home