Tuesday, July 29, 2008

http://quluncu.blogfa.com/post-54.aspx



ÖNƏRİLƏN MİLLİ SİMBOL
VƏ HƏRƏKƏTÇİLƏR ARASI DİALOQ

Əlirza Quluncu

Güney Azərbaycandakı 2006 May ayaqlanmalarından sonra orta doğu məsələləri ilə ilgilənən bütün güclərin siyasi təhlilləri və bölgənin gələcəyi haqqında baxış tərzləri yüksək dərəcədə dəyişilsə də, güney Azərbaycan milli hərəkəti içərisində dünya ictimaiyyatında ciddiyə alına bilən hər hansı bir təşkilatın ortada olmadığı, örgütlənmə və təşkilatlanma doğrultusunda ciddi bir təşəbbüsün gorünmədiyi, siyasi - milli fəallar arasında təşkilatlanma üçün gərəkən iradə və hərəkətliliyə zəmin olacaq mədəni-siyasi danışıq və dialoqun var olmadığı üçün, ayaqlanmalar və ayaqlanmalardan sonra ortaya çıxan kütlə arası hərəkətliliyin haqq etdiyi qazanc və gətirinin də ortada olmadığı aydın və açıqdır.

Son zamanlarda güney Azərbaycan milli simbolu önərisi ilə birlikdə yayımlanan müraciət, müraciətin izahları və açıqlamaları, müraciət yayımlanandan sonra gündəmdə olan mübahisələr və milli simbolun əleyhinə həmçinin ləhinə olan yazılar, güney Azərbaycan milli hərəkətinin çeşidli fikir və düşüncə sahibləri arasında mübahisə və tənqid üslublarına uyğun bir dialoq və danışığın başlana biləcəyinin çox da çətin və mahal olmadığını göstərmişdir. Təbii ki e-mail qruplarında yayımlanan çamur atma və söyüş içərikli bəzi e-mailləri eləcə də tənqid üslublarına uymayan _ bir düşüncə və fikri tənqid etmək yerinə o düşüncəni ortaya atan və onu qəbul edənlərə cahil və xain kimi sifətləri yaraşdıran _ yazıları istisna tuturuq.

Güney Azərbaycan içərisində bir qrup müstəqil fəallar tərəfindən yayımlanan müraciət güney Azərbaycan ya güney Azərbaycan milli hərəkəti üçün, ən uyğun simbol və ya bayrağı önərdiyini iddia etməməklə birlikdə, belə bir işin mümkün olmadığını da bildirmişdir.

Demokratik bir refrandom üçün gərəkən ortamın yarandığı və ya güney Azərbaycanın bir dövlət və parlamentə sahib olduğu təqdirdə güney Azərbaycan milli bayrağı seçiləcək və bununla seçıləcək bayrağın tərhi hansi bayrağa yaxın olub olmadığı da bəlirlənəcəkdir. Təbii ki bu şərtlərin içərisində seçiləcək bayraq tamamiylə yeni bir tərh də ola bilər. Ancaq hələlik bunun gerçəkləşəcəyi zamanın nə qədər uzaq ya yaxın olduğu haqqında heç bir bilgi və fikrimiz yoxdur. Zatən önərilən tərh yeni olmadığı üçün belə şərtləri tələb etməməkdədir. Yayımlanan müraciətdə güney Azərbaycan ya güney Azərbaycan milli hərəkəti üçün ən uyğun simbol ya bayraq deyil ən uyğun geçici simbol və ya bayraq söz qonusudur. Buna görə önəriyə baxış şəkli də bu əsasda olmalıdır. Elə bu nədənlə "bayrağı parlament seçər", "bayraq böyük bir həmasə içindən çıxar" və bu kimi ifadələri, təklif əleyhinə bir tənqid olaraq dəyərləndirmək mümkün deyildir. Yayımlanan müraciət simbolun geçici olduğunu sadəcə sözdə deyil bəlki önərdiyi tərh və onun təfsiri ilə də açıqca göstərmişdir. Qara ay və səkkiz bucaqlı ulduz ağaracaqdır, şəklində olan net açıqlama da bu gerçəyi isbatlamaqdadır.

1918 tarixində yüksələn bayrağa hər hansı bir alternativ sadəcə yuxarıda vurğulanan şərtlər içərisində sunula bilər. Müraciətdə önərilən tərh ilə bu bayrağın fərqi sadəcə ay və ulduzun rəngindədir. Qara rəngin təfsiri haqqında yazılan ifadələr isə son dərəcə şəffaf və aydındır. Bu ifadələr önərilən tərhin 1918 tarixində yüksələn bayrağa alternativ olma şansını ondan almışdır! ("Bu millətin taleyinə qara rəng soxmayın.", "Bu millətin ay və ulduzunu qaraltmayın" və "Azərbaycan millətini qarabəxt göstərməyə haqqınız yoxdur." şəklində olan duyğusal tənqidlərə cavab vermək niyyətində deyiləm, çünkü bağımsız ölkələrin simbolları və bayraqlarına ötəri baxış və onlarca bağımsız ölkənin bayrağında qara rəngi görmək,
yetərli cavabı verməkdədir. )

Yeni planlar və fəallar arası ixtilaflar məsələsi:

Simbol və ya bayraq mübahisəsi ixtilaflara səbəb olur, deyənlərin də sayı az deyildir. Bu irada isə həm özəl olaraq önərilən simbol çərçivəsində həm də genəl şəkildə baxmaq mümkün həm də lazimdir. Bayraq dartışmalarında ixtilaflara səbəb olan ən önəmli amil neçə bayraqlılıq məsələsi olmuşdur. Yayımlanan müraciət bu məsələyə toxunaraq problemi önləmək və əngəlləmək üçün irəliyə doğru əməli addım atmışdır; Müraciət və onun izahlar və açıqlamaları son dərəcə diqqət ilə yazılmış, müraciətin yayılmasından öncə geniş müzakirələr aparılmış və yayılmasından sonra isə verilən tənqidlərə məsələni müdafiə edən çeşidli şəxslər tərəfindən məntiqi və təhlili yazılar yazılmışdır. Bütün bunlar isə yeni bir tərh və planla ortaya çıxmağın nə şəkildə mümkün olduğunu yaxşıca göstərdi. Demək ki belə işlər bilgisayar arxasında oturub və rəngli fontlar ilə e-mail qruplarını doldurmaqla və ya duyğusal yazılarla olmazmış.

Məsələyə geniş baxıldıqda da, ixtilafların çoxalması qorxusu ilə yeni fikirlər və planlara meydan verməmək hərəkətliliyin ən böyük düşmənidir. Yeni fikirləri qadağan etməkdənsə, bəyənmədiyimiz fikirlər ilə qarşılaşdığımızda əsəblərimizi kontrol edib həyəcanlanmamaq daha yaxşıdır. Tənqid və təxrib arasındakı sınırın qıldan incə olduğunu desələr də bizim əsas problemimiz, tənqid və təxribi bir birlərindən səçə bilməmək deyildir, deyə inanıram. Bir şəxs və ya qrupun əməli və ya yazısını tənqid etmək yerinə onun əleyhinə ittihamlar irəli sürmək və çamur atmağın tənqid olmadığı ap-açıqdır.

Bir önəmli məsələ daha var; Yeni fikirləri, ixtilaf salırlar, deyə qadağan etmək hərəkət içrə danışıq və dialoq yolunu qapatmaqdadır. Yeni fikirlərin ortada olması _ onların doğru olub olmadıqlarına baxmayaraq _ hər zaman milli hərəkətimizin inkişafı və gəlişməsi üçün lazimdir. Hərəkətimizin xeyrinə olan heç nəyi qadağan etməyə ehtiyacımız yoxdur. Ehtiyacımız olan hərəkətimizi gəlişdirmək və hərəkətçilər arası siyasi-mədəni dialoqların genişlənməsi üçün sağlam və demokratik ortamı qurmaqdır.

Son olaraq güney Azərbaycan milli simbolu təklifini və önərilən ay və ulduzu qara rəngdə olan tərhi qəbul etdiyimi bildirməklə bərabər, demokratik yanaşmağın müxalif və ya müvafiq olma məsələsindən daha önəmli olduğunu vurğualayıram. İnsanlara bir fikir və düşüncəni zorla qəbul etdirmək heç yerdə doğru olmadığı kimi bizim hərəkətdə də doğru deyildir. Bu gerçəyin önərilən simbolu qəbul edənlər və etməyənlər tərəfindən diqqətə alınacağını arzu edirəm. / August 05, 2008



اؤنريلن ميللی سيمبول
و حرکتچی‌لر آراسی ديالوق

علیرضا قولونجو

گونئی آذربايجانداکی ۱۳۸۵ خرداد آياقلانمالاريندان سونرا اورتادوغو مسئله‌لری ايله ايلگی‌له‌نن بوتون گوجلرين سياسی تحليل‌لری و بؤلگه‌نين گله‌جه‌یی حاقيندا باخيش طرزلری يوکسک درجه‌ده دَييشيلسه ده، گونئی آذربايجان ميللی حرکتی ايچريسينده دونيا ايجتيماعياتيندا جيديه آلينا بيلن هر هانسی بير تشکيلاتين اورتادا اولماديغی، اؤرگوتلنمه و تشکيلاتلانما دوغرولتوسوندا جيدی بير تشبوثون گؤرونمه‌د‌ییی، سياسی - ميللی فعاللار آراسيندا تشکيلاتلانما اوچون گره‌کن ايراده و حرکتلی‌لی‌يه زمين اولاجاق مدنی-سياسی دانيشيق و ديالوقون وار اولماديغی اوچون، آياقلانمالار و آياقلانمالاردان سونرا اورتايا چيخان کوتله آراسی حرکتلی‌لی‌يین حاق ائتديیی قازانج و گتيري‌نين ده اورتادا اولماديغي آيدين و آچيقدير.

سون زامانلاردا گونئی آزربايجان ميللی سيمبولو اؤنريسی ايله بيرليکده ياييملانان موراجيعت، موراجيعتين ايضاحلاری و آچيقلامالاری، موراجيعت ياييملاناندان سونرا گوندمده اولان موباحيثه‌لر و ميللی سيمبولون عليهينه همچنين لهينه اولان يازيلار، گونئی آذربايجان ميللی حرکتی‌نين چئشيدلی فيکير و دوشونجه صاحيبلری آراسيندا موباحيثه و تنقيد اوسلوبلارينا اويغون بير ديالوق و دانيشيغين باشلانا بيله‌جه‌یینین چوخ دا چتين و ماحال اولماديغينی گؤسترميشدير. طبیعي کي ای-میل قروپلاريندا ياييملانان چامور آتما و سؤيوش ايچه‌ريکلی بعضي ای-ميل‌لری ائله‌جه ده تنقيد اوسلوبلارينا اويمايان _ بير دوشونجه و فيکری تنقيد ائتمک يئرينه او دوشونجه‌نی اورتايا آتان و اونو قبول ائدنلره جاهيل و خايین کيمی صيفتلری ياراشديران _ يازيلاری ايستيثنا توتوروق.

گونئی آذربايجان ايچريسينده بير قروپ موستقيل فعاللار طرفيندن ياييملانان موراجيعت گونئی آذربايجان يا گونئی آذربايجان ميللی حرکتی اوچون ان اويغون سيمبول و يا بايراغي اؤنردییینی ايديعا ائتمه‌مکله بيرليکده، بئله بير ايشين مومکون اولماديغينی دا بيلديرميشدير.

دئموکراتيک بير رئفراندوم اوچون گره‌کن اورتامين يارانديغی و يا گونئی آذربايجانين بير دؤولت و پارلامئنته صاحيب اولدوغو تقديرده گونئی آذربايجان ميللی بايراغي دا سئچيله‌جک و بونونلا سئچيله‌جک بايراق طرحینین هانسی بايراغا ياخين اولوب اولماديغی دا بليرلنه‌جکدير. طبیعی کی بو شرط‌لرين ايچريسينده سئچيله‌جک بايراق تامامييله يئنی بير طرح ده اولا بيلر. آنجاق هله‌ليک بونون گئرچکلشه‌جه‌یی زامانين نه قدر اوزاق يا ياخين اولدوغو حاقيندا هئچ بير بیلگی و فيکريميز يوخدور. ذاتا اؤنريلن طرح يئنی اولماديغی اوچون بئله شرط‌لری طلب ائتمه‌مکده‌دير. ياييملانان موراجيعتده گونئی آذربايجان يا گونئی آذربايجان ميللی حرکتی اوچون ان اويغون سيمبول يا بايراق دئييل ان اويغون گئچيجی سيمبول و يا بايراق سؤز قونوسودور. بونا گؤره اؤنری‌يه باخيش شکلی ‌ده بو اساسدا اولماليدير. ائله بو نده‌نله " بايراغی پارلامئنت سئچر " ، " بايراق بؤيوک بير حماسه ايچيندن چيخار " و بو کيمی ايفاده‌لری، تکليف عليهينه دوغرو بير تنقيد اولاراق ده‌يرلنديرمک مومکون دئييلدير. ياييملانان موراجيعت سيمبولون گئچيجی اولدوغونو سادجه سؤزده دئييل بلکی اؤنرديیی طرح و اونون تفسيری ايله ده آچيقجا گؤسترميشدير. قارا آی و سککيز بوجاقلی اولدوز آغاراجاقدير، شکلينده اولان نئت آچيقلاما دا بو گئرچگي ايثباتلاماقدادير.

۱۹۱۸ تاريخينده يوکسلن بايراغا هر هانسي بير آلتئرناتيو سادجه يوخاريدا وورغولانان شرطلر ايچريسينده سونولا بيلر. موراجيعتده اؤنريلن طرح ايله بو بايراغين فرقی سادجه آی و اولدوزون رنگينده دير. موراجیعتده قارا رنگين تفسيری حاقيندا يازيلان ايفاده لر ايسه سون درجه شفاف و آيديندير. بو ايفاده لر اؤنريلن طرحين ۱۹۱۸ تاريخينده يوکسلن بايراغا آلتئرناتيو اولما شانسينی اوندان آلميشدير! (" بو ميلتين طالعينه قارا رنگ سوخمايين."، " بو ميلتين آي و اولدوزونو قارالتمايين " و " آذربايجان ميلتيني قارابخت گؤسترمه يه حاقينيز يوخدور. " شکلينده اولان دويغوسال تنقيدلره جاواب وئرمک نيتينده دئييلم، چونکو باغیمسیز اؤلکه لرین سیمبوللاری و بایراقلارینا اؤتری باخيش و اونلارجا باغيمسيز اؤلکه نين بايراغيندا قارا رنگی گؤرمک، يئترلي جاوابی وئرمکده دير.)

يئنی پلانلار و فعاللار آراسی ايختيلافلار مسئله‌سی:

سيمبول و يا بايراق موباحيثه‌سی ايختيلافلارا سبب اولور، دئينلرين ده سايی آز دئييلدير. بو ايرادا ايسه هم اؤزل اولاراق اؤنريلن سيمبول چرچيوه سينده هم ده گئنل شکيلده باخماق مومکون هم ده لازيمدير. بايراق دارتيشمالاريندا ايختيلافلارا سبب اولان ان اؤنملی عاميل نئچه بايراقليليق مسئله سی اولموشدور. ياييملانان موراجيعت بو مسئله يه توخوناراق پروبلئمی اؤنله‌مک و انگلله‌مک اوچون ايره‌لی‌یه دوغرو عملی آدديم آتميشدير؛ موراجيعت و اونون ايضاحلار و آچيقلامالاری سون درجه ديقت ايله يازيلميش، موراجيعتين ياييلماسيندان اؤنجه گئنيش موذاکيره لر آپاريلميش و ياييلماسيندان سونرا ايسه وئريلن تنقيدلره مسئله‌نی مودافيعه ائدن چئشيدلی شخصلر طرفيندن منطيقی و تحليلی يازيلار يازيلميشدير. بوتون بونلار ايسه يئنی بير طرح و پلانلا اورتايا چيخماغين نه شکيلده مومکون اولدوغونو ياخشيجا گؤستردی. دئمک کی بئله ايشلر بيلگیسايار آرخاسيندا اوتوروب و رنگلی فونتلار ايله ای-ميل قروپلارينی دولدورماقلا و يا دويغوسال يازيلارلا اولمازميش.

مسئله‌يه گئنيش باخيلديقدا دا، ايختيلافلارين چوخالماسی قورخوسو ايله يئنی فيکيرلر و پلانلارا مئيدان وئرمه‌مک حرکتليلییين ان بؤيوک دوشمنيدير. يئنی فيکيرلری قاداغان ائتمکده‌نسه، بَينمه‌ديیيميز فيکيرلر ايله قارشيلاشديغيميزدا عصبلريميزی کونترول ائديب هيجانلانماماق داها ياخشيدير. تنقيد و تخريب آراسينداکی سينيرين قيلدان اينجه اولدوغونو دئسه لرده بيزيم اساس پروبلئميميز، تنقيد و تخريب بير بيرلريندن سئچه بيلمه‌مک دئييلدير، دئيه اينانيرام. بير شخص و يا قروپون عملی و يا يازيسينی تنقيد ائتمک يئرينه اونون عليهينه ايتتيهاملار ايره‌لی سورمک و چامور آتماغين تنقيد اولماديغي آپ-آچيقدیر.

بير اؤنملی مسئله داها وار؛ يئني فيکيرلری، ايختيلاف ساليرلار، دئيه قاداغان ائتمک حرکت ايچره دانيشيق و ديالوق يولونو قاپاتماقدادير. يئني فيکيرلرين اورتادا اولماسی _ اونلارين دوغرو اولوب اولماديقلارينا باخماياراق _ هر زامان ميللی حرکتيميزين اينکيشافی و گليشمه‌سی اوچون لازيمدير. حرکتيميزين خئيرينه اولان هئچ نه‌يی قاداغان اتمه يه احتيياجيميز يوخدور. احتيياجيميز اولان حرکتيميزی گليشديرمک و حرکتچيلر آراسی سياسی-مدنی ديالوقلارين گئنيشلنمه‌سی اوچون ساغلام و دئموکراتيک اورتامی قورماقدير.

سون اولاراق گونئی آذربايجان ميللی سيمبولو تکليفينی و اؤنريلن آی و اولدوزو قارا رنگده اولان طرحی قبول ائتديیيمی بيلديرمکله برابر، دئموکراتيک ياناشماغين موخاليف و يا موافيق اولما مسئله سيندن داها اؤنملی اولدوغونو اينانجيندا اولدوغومو بير داها دا وورغواييرام. اينسانلارا بير فيکير و دوشونچه ني زورلا قبول ائتديرمک هئچ يئرده دوغرو اولماديغی کيمی بيزيم حرکتده ده دوغرو دئييلدير. بو گئرچه‌یين اؤنريلن سيمبولو قبول ائدنلر و ائتمه‌ينلر طرفيندن ديقته آليناجاغينی آرزو ائديرم.

0 Comments:

Post a Comment

<< Home